Rektal MRT

Düz bağırsaq xərçənginin əməliyyatönü mərhələləndirilməsində MRT müayinəsi əhəmiyyətli rola malikdir. MRT müayinə nəticələrini təsvir edərkən aşağıdakı məqamları xüsusi ilə şərh etmək vacibdir.

Anal verge-dən şişin distal kənarına olan məsafə

Anal verge anal kanalın ən distal hissəsidir və anal mukoza ilə perianal bölgənin dərisi arasında keçid nöqtəsi hesab olunur. Anal verge rahatlıqla T2 ağırlıqlı sagital səthdə interqluteal yarıq səviyyəsində anal sfinkter kompleksinin ən aşağı hissəsində təyin edilə bilər. Verge-dən başlayaraq şişin ən aşağı burulmuş kənarına qədər olan məsafə ölçülüb göstərilməlidir.

Törəmənin kraniokaudal uzunluğu sagital və ya koronal səthlərdə aşağıda göstərildiyi kimi ölçülə bilər.

Sfinkter kompleksi/anorektal bitişmənin yuxarı qütbünə qədər olan məsafə

Bu ölçüm anal sfinkterin uzun oxuna paralel şəkildə alınmış T2 sagital səthdə aparılmalıdır. Puborektalis əzələləri aşağı doğru uzanaraq xarici sfinkter əzələlərini əmələ gətirir. Puborektalis aşağı və vertikal anal kanala paralel şəkildə əyrilik əmələ gətirdikdə sfinkter kompleksinin ən üst hissəsi bu əyriliyin zirvəsində müəyyən edilir.

Ön peritoneal refleksiyaya olan münasibət

Ön peritoneal refleksiyanın interpretasiyası çətinlik təşkil edə bilər. Bunu doğru qiymətləndirməkdən ötrü T2 sagital və aksial görüntülərə diqqətlə baxmaq lazımdır. Ön peritoneal refleksiya çox hallarda sagital T2 görüntülərdə sidik kisəsinin dib hissəsinin arxa aspektlərindən düz bağırsağın ventral aspektinə uzanan nazik hipointens xətt şəklində təyin edilə bilər. Bu qiymətləndirməyə əsasən radioloq şişin ön peritoneal refleksiyadan yuxarıda, aşağıda və ya həm yuxarıda və həm də aşağıda olmasını müəyyən edəcəkdir. Aksial görüntülərdə peritonun zirvəsi düz bağırsağın ön divarına V-şəkilli konfiqurasiyada birləşir. Kişilərdə bu, adətən toxum kisəciklərinin ucundan bir qədər yuxarı nöqtədə yerləşir.

Şişin morfologiyası və siqnal intensivliyi

Düz bağırsağın adenokarsinoması tipik olaraq solid, adətən mərkəzi hissəsi xoralaşmış kənarları burulmuş kütlə konfiqurasiyasına malik olurlar. Şişin konfiqurasiyası annulyar, semiannulyar və ya polipoid şəklində klassifikasiya oluna bilər. Polipoid kütlələr nəzərəçarpan saplağa malik ola bilər.

Düz bağırsağın adenokarsinoması adətən T2 ağırlıqlı aparmalarda orta siqnal intensivliyinə malikdir (skelet əzələsindən bir qədər yuxarı və muskularis propria ilə müqayisədə orta dərəcədə yüksək intensivlikdə).

Musinoz rektal adenokarsinomalar daha yüksək T2 siqnalı ilə (maye kimi) müəyyən edilə bilər. Musin dərəcəsi variabeldir, belə ki, bəzi şişlər tamamən musinozdur, bəziləridə kiçik musin cibləri içərə bilərlər. Müəyyən edilmiş şübhəli musinoz tərkibin təsvir edilməsi proqnostik səbəblərdən ötrü vacibdir. Düz bağırsaq şişinin 50%-dən çox hissəsi T2 ağırlıqlı aparmalarda hiperintensdirsə o zaman MRT müayinəsində musinoz şiş kimi təsvir edilir.

MR görüntüləmə ilə risk qiymətləndirilməsi

  1. Şişin lokal yayılması (T-mərhələ)

  2. Sirkumferensial rezeksiya kənarının cəlb olunması

  3. Limfa düyünlərinin zədələnməsi (N-mərhələ)

Şişin lokal yayılması. T-mərhələ.  

Şişin yerli yayılması 4 kateqoriyaya bölünür.

  1. T1 şişlər selikaltı qatda məhdudlaşır.

  2. T2 şişlər m.propria-ya invaziya edir.

  3. T3 şişlər düz bağırsağın əzələ qişasını penetrasiya edərək perirektal piy toxumasına uzanır.

  4. T4 şişlər qonşu üzvlərə sirayət edir.

  5. T4a şiş visseral peritona sirayət edir

  6. T4b şiş qonşu üzvlərə sirayət edir

T2 ağırlıqlı aparmalarda düz bağırsaq divarının qatları aşağıdakı kimi müəyyən edilə bilər:

  1. Selikli qişa daxili aşağı siqnal intensivlikli qatdır (hər zaman ayrı-ayrılıqda seçilməyə bilər)

  2. Selikaltı qat selikli qişadan dərindədir, bir qədər qalındır və siqnal intensivliyi yüksəkdir

  3. m.propria xarici qara qatdır və bu adətən tək qat kimi görünür, amma iki fərqli qatlardan ibarətdir: daxili sirkulyar qat və xarici boylama qat.

MRT müayinəsi ilə T kateqoriyanın qiymətləndirilməsi

T1/T2 şişlər

MRT müayinəsi ilə T1/T2 şişləri differensasiya etmək çətinlik təşkil edə bilər və EUS ilə korrelasiya olunmalıdır.

T2/T3 şişlər

Perirektal piy toxumasında spikulyasiya

  1. Şişin mezorektal piy toxumasına düyünlü və ya geniş əsaslı ekstenziyası T3 şişlər kimi təsvir edilməlidir.

  2. Çox incə, aşağı siqnal intensivlikli spikullar şiş yox fibroz kimi hesab olunmalıdır.

  3. Daha qalın və orta siqnal intensivliyinə malik spikullar tumor ekstenziyasına şübhə kimi hesab edilə bilər.

MRT müayinəsinin texniki məhdudiyyəti desmoplastik reaksiya, peritumoral fibroz və ya iltihaba bağlı perirektal piy toxumasında yaranan xoşxassəli spikulyasiya ilə bədxassəli ekstenziya arasında differensasiya aparmaq aiddir. Cancer Care Ontario guidelinelarına əsasən perirektal piy toxumasında qeydə alınan spikulyasiyalar T2/erkən T3 kimi şərh edilməlidir və incə aşağı siqnal intensivlikli spikullar üçün isə şiş yox, fibroz hesab edilməlidir.

T3 şişlər

Şişin ən dərin invaziv hissəsi daha çox xoralaşmış kütlənin mərkəzi hissələrində olur. Burulmuş kənarlarında çox nadir hallarda baş verə bilər.

Düz bağırsaq xərçənginin ən çox rastlanan MRT görünüşü bağırsaq lumeninə doğru proyeksiya olunan orta siqnal intensivliyinə malik annulyar və ya semiannulyar şiş şəklidir. Şiş proqressiyası nəticəsində ölçüləri böyüdükcə onun mərkəzi hissələri xoralaşır. Belə xoralaşma tipik olaraq bağırsaq divarına ən dərin invaziya yeri ilə korrelasiya olunur.

Bütün T3 şişlər üçün ekstramural invaziya dərinliyi təsvir edilməlidir. Ekstramural invaziya edərinliyi dəqiq görünən şiş sərhəddi üçün ölçülməlidir və perirektal piy toxumasına spikulyasiyalara aid edilmir.

İnvaziv sərhəd geniş əsaslı qabarmadan və ya düyünlü şiş kütləsindən və ya birincili şiş kütləsi ilə davamlılıq təşkil edən ekstramural venoz invaziyadan ola bilər.

T1 və T2 şişlər üçün ekstramural invaziya dərinliyi 0 mm kimi şərh edilməlidir.

Ekstramural invaziya dərinliyi şişin m.propriadan perirektal piy toxumasına ekstenziyasını ifadə edir. Hazırki NCCN guidelineları ekstramural invaziya dərinliyindən asılı olmayaraq uzaq metastazları olmayan bütün T3 düz bağırsaq xərçənglərinə əməliyyat önü şüa müalicəsini (+-kimyəvi dərman müalicəsi) məsləhət görür.

Müxtəlif retrospektiv tədqiqat işləri göstərmişdir ki, ekstramural invaziya dərinliyi 5 mm-dən az olan T3 düz bağırsaq xərçəngi xəstələrində lokal residivlərin yaranması və sağ qalım göstəriciləri 5 mm-dən çox olan xəstələrlə müqayisədə daha yaxşıdır.

Bu məntiqə əsaslanaraq çoxmərkəzli MERCURİ trialları göstərmişdir ki, yüksək rezolüsiyalı MRT müayinəsi ilə 5 mm ekstramural invaziya dərinliyini xəstələrin 92.5%-də dəqiqliklə təyin etmək mümkündür:

  1. T3a: <1 mm

  2. T3b: 1- <5 mm

  3. T3c: 5-15 mm

  4. T3d: >15 mm

Düz bağırsağın aşağı 1/3 hissəsinin şişləri

Anal vergedən 5 cm məsafədə olan şişlərə aşağı rektal şişlər deyilir və düz bağırsaq xərçənglərinin 1/3 hissəsini təşkil edir. Bu şişlər anal sfinkter kompleksinə invaziya edə bilərlər:

  1. Əgər anal sfinkterə invaziya yoxdursa xəstələrə sfinkter qoruyucu müalicə tətbiq ediləcək – aşağı ön rezeksiya.

  2. Əgər şiş anal sfinkterə invaziya etmişdirsə cərrahi yanaşma şişin radial ekstenziyasından asılı olcaqdır.

  3. Əgər sfinkterlərarası səhfə və mezorektal fassiyaya invaziya yoxdursa kolo-anal anastamoz qoymaqla ultra-aşağı intersfinkterik rezeksiya icra edilə bilər.

  4. Amma əgər şiş intersfinkterik səthə invaziya edirsə və sfinkter qoruyucu əməliyyat icra etmək mümkün deyilsə daimi kolostoma ilə radikal ekstra-levator abdominoperineal rezeksiya cərrahi əməliyyatı icra olunacaqdır.

Düz bağırsağın aşağı 1/3 hissəsi şişlərini MRT müayinəsi ilə təsvir edərkən şişin aşağı kənarı ilə puborektalis əzələsinin üst sərhəddi arasında əlaqəni müəyyən etmək çox vacibdir. Bu əlaqəyə əsasən düz bağırsağın aşağı 1/3 hissəsinin şişləri aşağıdakı kimi təsvir edilməlidir:

  1. şişin aşağı kənarı puborektalis əzələsindən yuxarıda yerləşir

  2. şişin aşağı kənarı puborektalis əzələsi səviyyəsində və ya aşağıda yerləşir.

Əgər şişin distal kənarı puborektalis əzələsindən yuxarıda yerləşirsə bu xəstələrə sfinkter qoruyucu aşağı ön rezeksiya icra edilə bilər. Əgər şişin distal kənarı puborektalis əzələsi səviyyəsində və ya ondan aşağı səviyyədə yerləşirsə şişin radial ekstenziyasının dərəcəsi aşağıdakı kimi təsvir edilməlidir:

  1. şiş sadəcə daxili sfinkterə invaziya edir

  2. şiş daxili sfinkterə invaziya edir və sfinkterlərarası sahəyə uzanır

  3. Şiş xarici sfinkterə və ya xarici sfinkterdən ətraf strukturlara yayılır.

#düzbağırsaqxərçəngi

29 views