Beyin qanaması

İntraparenximal beyin qanamaları birincili və ya ikincili ola bilər. Birincili beyin qanaması halları spontan baş verir, yəni heç bir altda yatan patologiya olmadan baş verir. Bunlara amiloid angiopatiyasına bağlı lobar qanamalar və hipertenziv qanamalar aid edilir. İkincili beyin qanamaları isə damar malformasiyalarına, serebral venoz tromboza və ya birincili və ya ikincili şişlərə bağlı baş verən qanamalardır. Əgər qanama ətrafında perifokal vazogen ödem varsa şiş şübhəsinin olmasına işarət edə bilər.


Hipertenziv intraserebral qanama


Hipertenziv intraserebral qanamalara sıx rast gəlinir. Faktiki olaraq intraserebral qanamaların ən sıx rast gəlinən səbəbi hipertoniyadır. Hipertenziv intraserebral qanamalar azalan sıxlıqda tipik olaraq bazal qanqlionlarda (xüsusi ilə putamen), talamusda, Varolio körpüsündə və beyincikdə baş verir. Hipertenziya perforasiya olunan arterialarda mikroanevrizmalara (Charcot-Bouchard anevrizmalarına) gətirib çıxarır. İntraserebral qanamalar zamanla rezorbsiya olunur.


Qanama evolüsiyasının 5 mərhələsi vardır

  1. Hiperakut mərhələ 24 saat müddətində baş vermiş qanaxmadır. Hiperakut mərhələdə hemoqlobin hüceyrədaxili oksihemoqlobinə deqradasiya olunur. Hüceyrədaxili oksihemoqlobin T1 ağırlıqlı aparmalarda izointens, T2 ağırlıqlı aparmalarda izo-hiperintens, diffuzionda hiperintens, ADC-də hipointens olur.

  2. Akut mərhələ 1-3 gün müddətində olan mərhələdir. Bu zaman hemoqlobin hüceyrədaxili deoksihemoqlobinə deqradasiya olunur. Bu mərhələdə T2 siqnal intensivliyi azalır, T1 siqnal intensivliyi isə orta-aşağı olur. Diffuzionda aşağı siqnal, ADC dəyərlərində azalma qeydə alınır.

  3. Erkən subakut 3-7 gün müddətində olan mərhələdir. Bu zaman hemoqlobin hüceyrədaxili methemoqlobinədək deqradasiya olunur. T1 siqnalı tədricən artır, diffuzionda aşağı siqnal və azalmış ADC dəyərləri qeydə alınır.

  4. Gec subakut mərhələ 7-ci gündən 14-28-ci günlərə uyğun gələn mərhələdir. Bu zaman hemoqlobin ekstrasellular methemoqlobinədək deqradasiya olunur. Ekstrasellular methemoqlobin T2 siqnal artışına gətirib çıxarır. Diffuziyada hiperintens, ADC dəyərlərində azalma qeyd edilir.

  5. Xronik mərhələ 14-28 gündən çox müddətə uyğun gəlir. Periferik hüceyrədaxili hemosiderin T1 və T2 ağırlıqlı aparmalarda hipointens, mərkəzi hissələrdə isə ekstrasellular hemixronlar T1-də izointens, T2-də hiperintens siqnal göstərir. Diffuzionda hipointens, ADC-də hiperintens olur.

Subakut və xronik qan SWI-da hipointens olur və blooming effekt göstərir.






5 views