Böyrək hüceyrəli xərçəng

Böyrək hüceyrəli xərçəng böyüklərdə ən çox rast gəlinən birincili bədxassəli törəmədir və histologiyası adenokarsinomadır. Böyrək hüceyrəli xərçəng daha çox kişilərdə aşkar olunur. Bəzi böyrək hüceyrəli xərçənglər Von Hippel-Lindau xəstəliyi ilə bağlıdır. Böyrək hüceyrəli xərçəngin siqaret çəkməklə əlaqəsi vardır. Digər risk faktorlarına asbestoz və benzin məhsullarının təsiri aid edilir. Böyrək hüceyrəli xərçəng adətən təsadüfi aşkar olunan solid böyrək kütləsidir, amma hematuriya, arıqlama və qarında gərginliklə təzahür oluna bilər.

KT müayinəsində kontrastlanmayan törəmələr tipik olaraq xoşxassəli hesab olunurlar, amma belə törəmələrin kompleks quruluşda olması dinamik müşahidə olunmasını tələb edir. Radioloqların çoxu belə törəmələri adətən 3-6 ay müddətində dinamik müşahidə üçün qeydə alırlar. Görüntüləmə üsullarında böyrək hüceyrəli xərçəngin görünüş şəkli adətən böyrəyin qabıq maddəsində mərkəzləşmiş fokal kütlədən ibarətdir. Şişin həcmindən asılı olmayaraq, 94% hallarda kütlə böyrəyin kənarlarını təhrif edir. Böyrək hüceyrəli xərçənglərin 25%-də kalsifikasiyalar ola bilər. İri böyrək kütlələri kiçik böyrək kütlələrinə nisbətdə daha çox kalsifikasiyaya uğraya bilər. KT müayinəsi zamanı böyrək hüceyrəli xərçəngin kalsifikasiyaları nöqtəvari, amorf, xətti vəya periferik ola bilir. Böyrək hüceyrəli xərçəng çox vaxt böyrək venasına invaziya edir və aşağı boş venada şiş trombunun yaranmasına səbəb olur. Tromb çox vaxt vaskulyardır və arterial kontrastlanma göstərir.

Adətən diametri 3 cm-dən kiçik böyrək hüceyrəli xərçənglər metastaz vermirlər, lakin istisna hallar ola bilər. Böyrək hüceyrəli xərçəng çox vaxt qaraciyərə, sümüklərə, ağciyərlərə və limfa düyünlərinə metastaz verir. Qaraciyər metastazları hipervaskulyar olur və müayinənin sadəcə arterial fazasında görünə bilər. Ölçüləri adətən kiçik olan metastazlar portal fazada görsənmirlər.

Böyrək hüceyrəli xərçəngdə psevdokapsula kimi bilinən kiçik periferik həlqə ola bilər. Böyrək hüceyrəli xərçənglərin 15%-dən az hallarında kistoz dəyişikliklər qeydə alınır. Sadə hipodens kütlələr sadə kistalar kimi hesab olunur və müşahidə tələb etmirlər. Amma əgər bu kütlələrin hər hansı bir kompleksi varsa, məsələn, kalsifikasiyalar, arakəsmələr və ya lezyonun mərkəzi lokalizasiyası, belə hallarda çox vaxt dinamik müşahidə məsləhət olunur. Nekrotik böyrək hüceyrəli xərçənglər nəzərdə saxlanılmalıdır.

MRT müayinəsi zamanı böyrək hüceyrəli xərçəng böyrəyin qabıq maddəsinə nisbətdə T1 ağırlıqlı aparmalarda adətən mülayim dərəcədə hipointens, T2 ağırlıqlı aparmalarda isə mülayim dərəcədə hiperintens olur. Böyrək xərçənglərinin çox hissəsi (qeyri-homogen) kontrastlanır. T1 ağırlıqlı görüntülərə əsasən 15-20% kontrastlanma diaqnostik hesab olunur. Arakəsmələrin vəya solid komponentlərin kontrastlanmasıda neoplaziyalarla bağlıdır. Renal adenomalar da kontrastlana bilər.

Böyrək hüceyrəli xərçənglərin böyük əksəriyyətinin periferiyasında hipointens psevdokapsula qeyd edilir.

Böyrək törəmələrini xarakterizə edərkən piy saturasiyası ilə icra edilmiş rejimlərdən istifadə etmək məqsədəuyğundur, çünkü piy toxumasının aşkar olunması angiomiolipoma üçün xarakterik əlamətdir. Böyrək hüceyrəli karsinomalarda mikroskopik piy toxumasının olması çox nadir haldır.


57 yaşlı kişi. Sağ böyrəyin xərçəngi.


0 views

Recent Posts

See All

Kapsullaşan peritoneal skleroz

Kapsullaşmış peritoneal skleroz akut və ya subakut nazik bağırsaq obstruksiyasının nadir rast gəlinən xoşxassəli səbəbidir. Bu xəstəlik zamanı nazik bağırsaq divarlarını total və ya parsial cəlb edən

Mədəaltı vəzinin kistik lezionları

Mədəaltı vəzinin solid şişləri (məs. adacıq hüceyrəli şişlər və metastazlar), bəzi hallarda kistoz komponentlərə malik olurlar və ya degenerasiyaya uğrayıb kistoz neoplaziyaları təqlid edirlər. Mədəal

©2018 by Dr Anar Kazimov