MRT müayinəsi nədir və xəstələrə necə tətbiq olunur?

 

MRT (maqnit rezonans tomoqrafiya) müayinəsi - maqnit rezonans hadisəsinə əsaslanan tibbi görüntüləmə üsuludur. Bu görüntülərə əsaslanaraq həkim, orqanların quruluşunu və funksiyalarını; varsa törəmələrin yerləşməsini və xarakterini dəqiqliklə qiymətləndirə bilər.

Maqnit rezonans tomoqrafiya üsulu ilə əsasən yumşaq toxumalar, baş beyin, onurğa sütunu, ürək və qarın boşluğu üzvləri, oynaqlar, süd vəziləri müayinə olunur.

 

MRT müayinəsinin üstünlükləri nələrdir?

 

MRT müayinəsinin əsas üstünlükləri aşağıdakılardır:

  • İonlaşdırıcı şüalanmanın olmaması (bu səbəbdən müayinə üsulu tamamilə zərərsizdir, müalicənin gedişindən asılı olaraq istənilən qədər təkrarlana bilər);

  • Görüntü kəsiklərinin istiqamətinin idarə olunması, üçölçülü görüntülərin alınması (aksial, sagital, koronal);

  • Morfoloji, metabolik və funksional informasiyanın alınması.

 

MRT müayinəsi zamanı diqqət etməli məqamlar hansılardır?

 

Müayinəyə başlamazdan əvvəl bəzi əsas qaydalara əməl edilməlidir: geyimdə, xəstənin üzərində olan metal əşyalar, elektron kartlar, pirsinq, aksesuarlar xaric edilməli; elektrokardiostimulyator, eşitmə cihazı, bədəndə metal implantlar (diş implantları istisna), qəlpələr, kontrast maddəyə qarşı allergik reaksiya, klaustrofobiyanın (qapalı mühitdən qorxma hallarının) olub olmaması dəqiqləşdirilməlidir.

 

MRT müayinəsi necə aparılır?

 

Müayinə olunacaq nahiyənin ətrafına siqnalın gücləndirilməsi məqsədi ilə, MRT cihazına əlavə radiodalğa göndərən və qəbul edən köməkçi ölçü cihazı yerləşdirilir (measuring coil “ing“). Müayinə zamanı yüksək səsdən qorumaq üçün xəstəyə qulaqlıqlar geyindirilir və onun hərəkətlərini minimuma endirmək üçün xüsusi vasitələrlə bədəni hərəkətsizləşdirilir.

Daha sonra xəstə xüsusi avtomatlaşdırılmış, kənardan idarə olunan hərəkətli masa ilə MRT qurğusuna (“boruya”) daxil edilir və radio dalğalarına bənzər elektromaqnit impulslarından istifadə edərək, orqanizmin bu və ya digər hissələri müxtəlif rejimlərdə və istiqamətlərdə (aksial, sagital, koronal kəsiklər) müayinə olunur. Müayinə müddəti tədqiq olunan nahiyədən asılı olaraq 20-30 dəq. və ya daha çox davam edə bilər. Müayinə zamanı mümkün qədər hərəkətsizliyinizi təmin etməniz və müayinə zamanı həkimin sizə verdiyi nəfəs tutma komandalarına düzgün əməl etməyiniz müayinənizin daha yüksək keyfiyyətli olmasına gətirib çıxaracaq. 

©2018 by Dr Anar Kazimov